22 Noyabr 2017, Çərşənbə - 16:54

Azərbaycan-2017: Cümə, paddok, 23.06.2017

Azərbaycan-2017: Cümə, paddok, 23.06.2017

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

22:41 - 23 İyun, 2017

Bu gün baş tutan iki məşq sessiyası ilə yarış həftəsonu rəsmən başlayıb. F-1.az saytı hər zaman olduğu kimi, yenə Formula1-də baş verən hər bir şeyi nəzərinizə çatdırmaqda davam edəcək. Bu gün isə dünən paddokdan hazırladığımız yazının davamı ilə qarşınızdayıq. Təbii ki, sərbəst yürüşlərdə baş verənlər də yazıda nəzərə alınıb.

Dünənki yazımızda bir neçə məqamda Red Bull-un mövsümiçi inkişaf tempinin adətən yüksək olduğunu, bu il də eyni halın yaşana biləcəyini qeyd etmişdik. Keçən mövsümü yada salmışdıq – düz bir il əvvəl yay aylarından etibarən Ferrari-ni üstləmişdilər və yekunda Mühəndislər Kubokunda ikinci yeri tutmuşdular. İki həftə əvvəl Kanadada baş tutan yarış ərəfəsində Renault-dan bu il güc qurğusunda ciddi yeniliklər edilməyəcəyi bildirilmişdi. Lakin belə  görünür ki, bu, rəqibləri bir qədər arxayın salmaq üçün deyilən söz olub.

Bakı Şəhər Halqası uzun düzlüklərə malik olduğundan, maksimal sürətə tələbkar olan trasdır. Bu cəhətdən də Renault motorları həm Mercedes, həm də Ferrari motorlarına uduzur. Lakin bu gün baş tutan hər iki sərbəst yürüşlərdə Red Bull-dan Maks Ferstappen protokollara başçılıq edib. Rikkardo isə ilk iki sessiyada müvafiq olaraq ikinci və üçüncü yerləri tutub. Düzdür, ikinci sessiyada rəqib komandaların sürücülərini çox cüzi fərqlə üstələyiblər və sərbəst yürüşlərin nəticələri sıralanma turu və yarışın nəticələrindən kəskin fərqlənə bilər. Lakin nəzərə almalıyıq ki, ikinci sessiya Bakı Şəhər Halqası kimi yeni trasda olduqca vacib əhəmiyyət daşıyır və komandalar sessiyaya ciddi yanaşırlar. Bununla belə, Red Bull hələ ki, rəqiblərinə uduzmur.

Görəsən Renault “saman altdan su yeridərək” motoru yeniləyib? Yoxsa komanda sazlanmalar üzərində daha effektiv işləyib? Təbii ki, biz sabah daha fərqli mənzərə görə bilərik, amma istənilən halda, Avstriya təmsilçisi üçün hələ hər şey yaxşı gedir. Helmut Marko da paddokda müsahibə verərkən vəziyyətdən xeyli razı görünürdü. Sözsüz ki, oradakı müsahibədə əsas mövzu bugünkü nəticələr olub. Başqa bir mövzu isə sürücülər barədə ola bilər. Çünki Doktorun sərəncamında 4 sürücü var və onlardan heç birinin gələn il harada yarışacağını dəqiq demək olmaz…

 

Mark Jene və Jak Vilnöv – iki sabiq Formula1 sürücüsü SkySports-un cazibədar müxbiri Federika Masolinlə qızğın müzakirə aparırdılar. Durduqları yerə baxsaq, əsas mövzunun Ferrari olduğunu deyə bilərik. Jene son müsahibələrində Ferrari-nin daha üstün olduğunu vurğulayıb. Vilnövün bununla razılaşıb-razılaşmadığını deyə bilmərik, amma ilk iki sessiyada italyanlar Red Bull-dan bir qədər geri qalsalar da, Mercedes AMG-yə uduzmayıblar. Lakin unutmamalıyıq ki, Kanadada da qırmızılar sıralanma turuna qədər üstün görünürdülər, lakin sıralanma turu və yarışda son üç ilin çempionlarına xeyli uduzdular.

 

Bu şəkil McLaren-in vəziyyətini çox gözəl izah edir. Hamı dayanıb, nəsə etmək istəyir, lakin nə edəcəyini bilmir. Artıq baş verənlər barədə də deyəcəkləri heç bir şey yoxdur. Bu şəkil çəkilməzdən bir neçə dəqiqə əvvəl isə Erik Bulye bull-pen ərazisinə jurnalistlərə baş verənlər barədə danışmaq üçün gedirdi. Danışacağı mövzu Erikə və onu dinləyəcək media işçilərinə tanışdır, çünki komandanın sürücülərindən ən azı biri ilk dəfə deyil ki, güc qurğusuna görə sessiyanı tamamlaya bilmir. Bəli, yaponlar bu gün də təəccübləndirmədilər – ikinci sessiyada Fernando Alonso güc qurğusundakı problemə görə sessiyanı yarımçıq saxladı. Maşından da Kanadada düşdüyü kimi, əsəbi halda düşdü. Lakin əsəbiləşməyin vaxtı deyil, bunun üçün çox gecdir.

Bulye jurnalistlərə deməyə söz tapar, şəkildəki cənabların da Honda motorunun problemlərində günahları yoxdur. Lakin Honda Motorsport-un başçısı Yusuke Haseqava, görəsən, mikrofonlara yaxın durmağı nə dərəcədə istəyir? Fernando maşından endikdən sonra növbəti kadr məhz onun üzünü göstərdi. Son illərdə Formula1-də bu qədər məyus bir sima gördüyümü xatırlamıram. Artıq vəziyyət o yerdədir ki, hətta Haseqavanın özünə 3 ay sonra qələbə qazana biləcəklərini desən, inanmaz…

 

Pirelli keçən il olduğu kimi, bu il də belə gözəl rəngə sahib olan ən yumşaq tərkibi Bakıda paddokda nümayiş etdirsə də, trasda görməyimizə imkan yaratmır. Builki təkərlər keçənilkilərlə müqayisədə daha sərtdirlər. UltraSoft tərkib ilk dəfə elan olunanda bildirilmişdi ki, ondan əsasən şəhər traslarında istifadə olunacaq. Lakin italyanlar nədənsə Bakı Şəhər Halqasına bu tərkibi gətirməkdən imtina edirlər. Medium tərkiblərdən komandalar demək olar ki, istifadə etmədilər, sabah və bazar günü də istifadə edəcəkləri inandırıcı görünmür. Medium əvəzinə UltraSoft təkərlər komandaların ixtiyarına verilsəydi, yarışda müxtəlif strategiyalar görə bilərdik…

 

Pirelli təkərlərindən söz düşmüşkən, biz çox istərdik ki, yarışda və ya sıralanma turunda yağış və keçid təkərlərini də görək. Stüardlar imkan versə, çox maraqlı mübarizəyə şahid ola bilərik. Lakin bu həftəsonu belə şansımız olmayacaq. Gələn ilə isə ümid etmək olar – yarışımız açıqlanan ilkin təqvimdə aprelin sonuna salınıb və paytaxtımızda yaz aylarında yağış heç də az yağmır…

 

Paytaxtımıza ilk dəfə gələn Formula1-in idman direktoru Ross Braun bu gün öz istəyi ilə brifinq keçirdi. Ona çoxsaylı suallar verildi və təcrübəli mütəxəssis böyük səbrlə hamısını cavablandırdı. Braun bildirib ki, əsas məqsəd komandaların arasındakı fərqləri aradan qaldırmaq, onların bir-biri ilə daha sıx mübarizə apara bilməsinə nail olmaqdır. Cənab Braun çox yaxşı məsələ barədə düşünür – buna nail olsalar, idmana olan maraq kəskin artar. Amma o özü də əla bilir ki, asan məsələ deyil. Həm də çox güman ki, bunu deyərkən Honda motorlarının vəziyyətini unutmuşdu. Çünki rəqib komandaların heç biri bərabərlik naminə motorlarınınn gücünü kəskin aşağı salmaq istəməz. Honda-nın isə onların səviyyəsinə qalxmaq fikri yoxdur…


Son Xəbərlər

İnformasiya

Bölüm Bakı Şəhər Halqası
Mənbə
Baxış Sayı 11. 377
Teqlər , ,
Paylaş

logo