Avstraliya Qran Prisi, 12.11.1995 (video)

F-1.az Formula1 tarixində özünəməxsus yeri olan yarışlar barədə material hazırlamağa davam edir. Bu gün söhbət açacağımız hadisə 1995-ci ilin bu gününə təsadüf edib. Amma əvvəlcə gəlin yarışöncəsi hadisələrin necə cərəyan etməsinə nəzər salaq.

1995-ci il mövsümü Deymon Hill üçün çox ağır keçmişdi, bəlkə də karyerasında ən çətin mövsüm olmuşdu. Əvvəlki mövsüm də psixoloji cəhətdən asan alınmamışdı – komanda yoldaşı Sennanın ölümü, gözlənilmədən onun çiyinlərinə düşmüş liderlik yükü, maşının problemləri, Şumaxerlə gərgin mübarizə – birinci titulu qazanmağa yaxın olan bir anda isə məğlubiyyət. Digər tərəfdən, məhz bunlara görə Deymonun bəhanəsi var idi – axı mövsümün əvvəlində heç kim ağlına belə gətirə bilməzdi ki, o, titul uğrunda mübarizə aparacaq.

Amma 1995-ci ildə heç kim ondan bəhanə qəbul etmirdi. Onun əlində ən yaxşı maşın var idi, mövsümün əvvəlindən favorit sayılırdı, amma artıq mövsümün ortasından titul uğrunda mübarizədən əsər-əlamət qalmamışdı. Sıralanma turlarında vəziyyət pis deyildi, yenə də poulların çoxunu Williams sürücüləri qazanırdılar, amma yarışlarda Deymon zəif görünürdü. Hərdən qələbə qazanmaq olurdu – xüsusən də Şumaxer problem yaşayanda. Mövsümün gedişində Hill cəmi bircə dəfə finişdə Şumaxeri qabaqlamışdı – o da mövsümün əvvəlində, Argentinada.

Bunlar azmış kimi, mövsümün sonunda Hilli yeni komanda yoldaşı gənc Devid Kulthard da üstələməyə başlamışdı. Mövsümün ikinci yarısında şotlandiyalı aşkar şəkildə sürətli idi – Devid dörd poul qazanmış, Eştorildə ilk qələbəsinə sevinmişdi. İki yarış əvvəl Aida trasında Şumaxer ikinci titulu özünə təmin edəndə, Kulthard yenə də finişdə 2-ci olmuşdu.

Əlbəttə, problem yalnız Hilldə deyildi. Bütün mövsümün gedişində komanda strateji səhvlərə yol verirdi, Benetton isə əlində olan imkanlardan maksimum yararlanırdı. Şumaxer 9 qələbə qazanmaqla (o zaman üçün rekord olan göstəricini təkrarlamışdı, Mənsell 1992-ci ildə 9 qələbə qazanmışdı) mövsümün sonuna iki yarış qalmış titulunu qorumuşdu. Mühəndislər Kubokunda da mübarizə qurtardığı üçün mövsüçün son iki yarışı – Suzuka və Adelaida formal xarakter daşıyırdı.

Avstraliyaya komandalar “sonuncu”larla gəlmişdilər. Artıq məlum idi ki, Şumaxer Benetton-da ardıcıl 2 titul qazandıqdan sonra 1996-cı ildə Ferrari-də Eddi Örvaynla yarışacaq. Jan Alezi və Gerhard Berger isə əks istiqamətdə – Ferrari-dən Benetton-a keçidə hazırlaşırdılar. Mövsümün ikinci yarısını güclü keçirməsinə baxmayaraq, Devid Kulthard da Williams-da sonuncu yarışına hazırlaşırdı – gələn il onu okeanın o biri tayında İndyCar çempionu olmuş Jak Vilnöv əvəz edəcəkdi. Kulthard isə McLaren-ə Mika Həkkinenin yanına gedirdi. Bir sözlə, bu həftə bir çox sürücülərə cari komandalarında sonuncu idi.

Adelaidada həm də Formula1-də sonuncu dəfə V12 motoru çalışırdı. Peletonda yalnız Ferrari komandası V12 motorlarından istifadə edirdi və artıq elan etmişdi ki, gələn il üçün V10 motoru hazırlayıb – sələfi kimi güclü olmasa da, daha yüngül, daha yığcam və ən əsası – daha qənaətcil olacaq. Adelaidaya Pacific komandası sonuncu yarışına gəlmişdi – rəsmən elan olunmasa da, komandanın əməkdaşları digər komandalarda olan həmkarları ilə vidalaşmışdılar.

Ən əsası isə – bu yarış elə Adelaidanın özü üçün də sonuncu idi. Formula1 cəmi 4 aydan sonra Avstraliyaya qayıtmalı idi, amma bu dəfə Melburndakı Albert Park trasına. Adelaidada baş tutan 11-ci yarış tarixə qovuşurdu.

Təəssüf ki, cümə sıralanma turu paddokdakı əhval-ruhiyyəni bir qədər də pozdu. Sürətli Brewery Bend döngəsində Mika Həkkinenin McLaren-ində gözlənilmədən arxa təkər partladı və finlandiyalı sürücü böyük sürətlə baryerlərə çırpıldı. Dərhal aydın oldu ki, sürücü ciddi zədələnib, amma marşallar və tibbi briqada dəqiq və cəld işlədiyi üçün Mikanı həyatda saxlamaq mümkün oldu.

Beş il sonra Mika həmin qəzanı belə xatırlayırdı: “Cümə günü mən tam gücümlə hücum edirdim, növbəti dəfə çox sürətli Brewery Bend döngəsinə yaxınlaşanda 4-cü ötürmədə 175 km/saat sürət yığdım. Bu döngəni həmişə ayağını qaz pedalından götürmədən keçmək istəyirsən ki, bu döngədən sonrakı Brabham düzlüyündə maksimum sürəti tez yığa biləsən. Birdən hiss etdim ki, maşının arxası özünü qəribə aparır – deməli, arxa təkər deşilib. Amma dərhal da sol tərəfdəki təkər partladı.

Brewery Bend – çox bic döngədir. Döngənin girişində də, çıxışında da hündür porebriklər var, həmin döngədə apeksə dəqiq düşmək çox vacibdir. Təkər partlayan kimi əyləc pedalını döşəməyə sıxdım, amma maşın yoluna davam etdi, üç təkər asfaltla kifayət qədər ilişmə təmin etmədiyi üçün əyləclər effektiv işləmirdilər.

Sadəcə “Ağrıdacaq” – deyə düşünməyə macal tapdım. Maşın döngəyə düz girdi, hiss etdim ki, havaya qalxdım, böyük sürətlə baryerlərə çırpıldım. O vaxtlar bizim boynumuzu HANS qorumurdu, kokpitin yandan qorunması da zəif idi. Əlimdən gələn yalnız zərbədən öncə bütün əzələlərimi toparlamaq oldu.

Zərbə çox güclü alındı. Ağlım hələ üstümdə idi. Yadımdadır ki, sakitcə oturmuşdum. Başa düşdüm ki, tərpənə bilmirəm, amma nə qədər qəribə olsa da, çox rahat idim. Bilirdim ki, narahat olmağa əsas yoxdur, ona görə də rahatca oturub tibbi briqadanı gözləyirdim. Onlar çox tez gəldilər və işə başladılar. Birdən boğazımda ağrı hiss etdim – sonra bildim ki, həkimlər traxeotomiya ediblər və mən bundan sonra huşumu itirdim”.

Traxeotomiyanı isə Həkkinenə elə kokpitdəcə F1-in baş həkimi professor Sid Uotkins etmişdi. Onun və tibb briqadasının cəld və səlis işi sayəsində Mika sağ qaldı, amma aydın məsələdir ki, yarışda iştirakdan söhbət belə gedə bilməzdi. Mövsümün ortasında Simtek komandasının bağlanmasını da nəzərə alsaq, mövsümün son yarışının startına cəmi 23 sürücü çıxdı – amma Luka Badoyerin Minardi-si qızdırma dövrəsində söndüyü üçün ilk döngəyə cəmi 22 sürücü girə bildi.

Hill pouldan start alırdı – uzun fasilədən sonra britaniyalı sürücü mövsümdə 7-ci poulunu qazanmışdı. Sonuncu dəfə Deymon Macarsıtanda birinci olmuşdu. Kulthard ona cəmi 0.1 saniyə uduzmuşdu. Şumaxer 3-cü nəticə göstərmişdi.

Amma poul hələ işin yarısıdır, yaxşı start almaq da Adelaidada çox vacib idi. Bu işin öhdəsindən isə Kulthard daha yaxşı gəldi – şotlandiyalı sürücü ilk döngədən liderliyi ələ aldı. Şumaxer isə, əksinə, iki Ferrari-ni irəli buraxdı – düzdür, Alezini növbəti döngələrdə qabaqlasa da, Bergerlə 5-ci dövrəyədək mübarizə aparmalı oldu.

Peletonda vəziyyət stabilləşmişdi, hamı birinci pit-stop dalğasını gözləyirdi. Daha bir məyusedici hadisə 8-ci dövrədə baş verdi. Sauber-in sürücüsü Karl Vendlinger 18-ci yerdən start almışdı – avstriyalı sürücü bir il əvvəl Monakoda yaşadığı ağır qəzadan sonra güclü performansını qaytara bilmirdi, Peter Zauber sürücünü komandada saxlasa da, Karl psixoloji cəhətdən sınmışdı və əvvəlki formasından əsər-əlamət qalmamışdı. Peter sürücüyə son şans vermişdi, amma Karl 8-ci dövrədə boksa gəldi və təslim oldu – böyük ümidlər vəd edən karyera beləcə başa çatdı…

Kulthard inamla liderlik edirdi, hər şey onun F1-də 2-ci qələbəsinə doğru gedirdi – Şumaxer çox geridə idi, Hill isə onunla eyni strategiyada idi. 19-cu dövrədə Deymon pit-stopa getdi və Şumaxerin arxasında trasa qayıtdı. Növbəti dövrədə Devid boksa yollandı və… pit-leynin girişində divara çırpıldı! Williams-ın heyətində sonuncu yarış Kulthard üçün bax beləcə başa çatdı…

Şotlandiyalı sürücünün gözlənilməz səhvi Hilli yarışın favoritinə çevirdi – çoxdan idi ki, Hill heç yarışa da başçılıq etmirdi, düzdür, hələlik lider Şumaxer idi, amma onu pit-stop gözləyirdi. Mixael 22-ci dövrədə boksa istiqamət aldı və trasa düz Alezinin arxasında qayıtdı. Şumaxer qırmızı maşının arxasında vaxt itirmək istəmirdi, ona görə də uzun düzlüyün sonunda daxili trayektoriyanı tutmaqla ilk döngəyə girməyə çalışdı. Maşınlar bərabərləşdilər, Benetton bir qədər öndə idi, amma Alezi heç nə olmamış ki, sükanı sadəcə sağa döndərdi!

Əvvəlcə elə təəssürat yarandı ki, təmas çox güclü olmayıb, çünki hər iki sürücü yoluna davam etdi. Amma dövrənin sonunda Alezi yeni ön qanad üçün boksa dönməli oldu, növbəti dövrədə isə Şumaxer də onun yanına gəldi. Ferrari və Benetton mexanikləri zədələri aradan qaldırmağa çalışsalar da, bir neçə dövrədən sonra sürücülər təslim oldular. Elə bu zaman Roberto Moreno da Kulthardan qəzaya uğradığı yerdə divara çırpıldı – pit-leynin girişi sürüşkən imiş. Alezinin Ferrari-də, Şumaxerin Benetton-da son yarışları boksda başa çatdı…

Bütün bu hadisələr Hilli rəqibsiz qoydu – Conni Herbert ikinci Benetton-da və Berger digər Ferrari-də ona xeyli uduzurdular. Amma hətta belə şərti rəqiblər də bir azdan yoxa çıxdılar – 34-cü dövrədə Bergerin maşınında motor partladı, 69-cu dövrədə Herbertin maşınında aparıcı val sıradan çıxdı. Barrikello, Frentsen və Örvayn isə daha əvvəl mübarizədən kənar qalmışdılar.

Yalnız Deymon Hill problemsiz yarışa başçılıq edirdi. Sanki çox çətin və çox bəxtsiz bir mövsümün əvəzini çıxırdı, hətta dövrəvi sürücüləri keçəndə də vaxt itirmirdi.

İkinci yerə yüksələn Olivye Panis artıq bir dövrə liderə uduzurdu, son dövrələrdə isə onun Ligier-si tüstülənməyə başlamışdı. Ona görə də sürücü hətta ikinci dəfə Hilli önə buraxmalı oldu. Amma Olivye tüstülənə-tüstülənə damalı bayrağa çata bildi və qalibə düz 2 dövrə uduzdu. F1 tarixində yalnız bir dəfə ilk iki yeri belə uzun zaman ayırmışdı – 1969-cu ilin İspaniya Qran Prisində Ceki Stüart da hamını iki dövrə qabaqlamışdı, amma o yarışda cəmi 14 sürücü start almışdı.

Cəmi 8 sürücünün finiş gördüyü bu yarışda isə 3-cü yeri Footwork/Arrows komandasının sürücüsü Canni Morbidelli tutdu – əlbəttə, bu nəticə sürücünün karyerasında ən yaxşı nəticə idi. McLaren-in yeganə sürücüsü Mark Blandell yalnız 4-cü olmuşdu – yarışın ortasında Martin Brandlla toqquşmada onun maşını ciddi zədələnmişdi.

Beşinci yeri isə ölməkdə olan əfsanəvi Tyrrell komandasının finlandiyalı sürücüsü Mika Salo tutdu – Salo bir daha sübut etdi ki, istənilən maşını finişə çatdıra bilir. Sonuncu xalı Minardi-nin sürücüsü Pedro Lami qazandı – yarışın gedişində bir neçə dəfə yerində fırlanan portuqaliyalı sürücü həm özünün, həm də komandasının mövsümdə yeganə xalına sahib çıxmışdı. Lami üçün bu xal elə karyerasında yeganə oldu.

Əlbəttə, Hillin belə inamlı qələbəsinə rəqibləri kömək etmişdilər, amma onun özü çox inamlı yarış keçirərək, het-trik etmişdi. Yarışın şərhçisi Marri Uoker Şumaxerin Ferrari-yə, Kulthardın isə McLaren-ə keçidini nəzərə almaqla, söyləmişdi ki, gələn mövsüm Hill bu cür çıxış edərsə, peletonda onun rəqibi olmayacaq. Marri təxminən düz düşünürdü…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*