21 Oktyabr 2017, Şənbə - 19:57

Avropa Qran Prisinə 40 gün qalır

Avropa Qran Prisinə 40 gün qalır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:05 - 08 May, 2016

Dünya idman tarixinə adımızı yazmağa cəmi 40 gün qalır – iyunun 17-də gözəl Bakımızın küçələrində Formula1 üzrə 67-ci dünya çempionatının Avropa Qran Prisinin ilk sərbəst yürüşlərində gücü 1000 at qüvvəsinə çatan bolidlərin ecazkar səslərini eşidəcəyik…

Cəmi 40 gün. Bəs bu 40 rəqəmi Formula1 tarixində bizə nəyi xatırladır? F-1.az olaraq aşağıdakı statistik araşdırmada F1 tarixinin bu yubiley rəqəmlə bağlı məlumatlarını toplamışıq.

Mario Andretti

 

Mario Andretti

1950-ci ildə Formula1 çempionatı təşkil olunduqdan sonra amerikalı sürücülər Avropaya gəlməyə başladılar. Elə günümüzə qədər gənc amerikalılar karyeralarını qurmaq üçün Avropaya can atırlar, aşağı seriyalarda çıxış edirlər, özlərini göstərməyə çalışırlar. Amma Formula1 tarixində bir sürücü istisnadır – bu sürücü Avropadan Amerikaya getmiş, orda özünü göstərmiş və sonra Formula1-ə gələrək dünya çempionu titulunu qazanmışdır. Bu dahi sürücü Mario Andrettidir.

Marionun ailəsi İtaliyada Triyest yaxınlığında böyük üzüm plantasiyasına malik idi, amma müharibə illərində ailənin biznesi tamamilə dağılmışdı, ona görə də onun atası okeanın o biri tayına getmək qərarına gəlir. Mario və ekiz qardaşı Aldo hələ İtaliyada olarkən yarışlara maraq göstərirdilər. Amerikaya köçdükdən sonra qardaşlar köhnə bir maşını özləri təmir edərək yarışlara qatılmağa başlayırlar. Aldo ağır qəzadan sonra idmanla vidalaşmalı olur, amma Mario əvvəl yaşadıqları şəhərdə, sonra isə Pensilvaniyada tanınmağa başlayır.

1964-cü ildə debüt etdiyi US Sprint seriyasında titul qazanaraq hamının diqqətini cəlb edir. Növbəti ildə USAC (indiki İndyCar) çempionatına atılan Mario “ilin debtüantı” seçilir və əfsanəvi İndianapolis-500 yarışında 3-cülük qazanır. 1966-cı ildə isə seriyanın bütün avtoritetlərini məğlub edərək titula sahib çıxır. 1967-ci ildə NASCAR-da debüt edən sürücü Daytonada qələbə qazanır, ilin sürücüsü seçilir və yeni dostu Kolin Çəpmənin komandasında gələn il bəzi F1 yarışlarına qatılmaq dəvətini qəbul edir.

1968-ci il oktyabrın 6-da ABŞ-ın Uotkins Qlen trasında baş tutan yarışda Lotus 49M-in sükanı arxasında pouldan start alan Mario yarışda da uğur qazanmağa yaxın idi, amma ilişmə muftasının nasazlığı üzündən mübarizəni dayandırmalı olur.

Mario Andretti & Colin Chapman
Mario Andretti və Kolin Çəpmən

Sonrakı illər Mario üçün çox uğurlu olur, USAC-də 3-cü dəfə titul qazanır, əfsanəvi İndianapolis marafonunda birincilik əldə edir və 1971-ci ildə Formula1-də ilk qələbəsini bayram edir – Kyalamidə keçirilən Cənubi Afrika Qran Prisində doğma Ferrari-nin sükanı arxasında mövsümün ilk yarışında gələcək çempion Ceki Sütartı inamla qabaqlayır. Amma yaşı otuzu keçmiş sürücü üçün hər həftə okeanın o tərəfindən bu tərəfinə uçuşlar etmək çox ağır idi, ona görə də sürücü qəti seçim etməli olur. Nəhayət, 1975-ci ildə Parnelli komandasının heyətində tam mövsüm keçirən sürücü, növbəti mövsüm üçün Kolin Çəpmənin əfsanəvi Lotus komandası ilə uzunmüddətli müqavilə imzalayır.

Köhnə dostlar komandanın keçmiş şöhrətini qaytarmaq üçün gecə-gündüz çalışırlar. 1976-cı ildə mövsümün sonuncu yarışı olan və titulun taleyi həll olunan yağışlı Fudzidə Yaponiya Qran Prisində qələbə qazanan Mario 1977-ci ildə titul uğrunda mübarizədə yalnız Niki Laudaya məğlub olur. 1978-ci ildə isə “qanadlı maşın” adını alan Lotus-lara heç kim çata bilmir – 6 Qran Pridə qələbə qazanan Andretti mövsümün sonunda dünya çempionu elan olunsa da, Montsadakı qəzada dostu Ronni Petersonu itirdiyi üçün depressiyaya düşür.

Mario Andretti & Ronnie Peterson
Mario Andretti və Ronni Peterson

Daha iki il Lotus-la uğursuz mövsüm keçirdikdən sonra Mario Amerikaya qayıdır. 1983-cü ildə İndyCar-da çempionatı 3-cü yerdə başa vuran Mario 1984-cü ildə növbəti titulunu qazanır. 1993-cü ildə 53 yaşında sonuncu qələbəsini qazanan sürücü dəbilqəsini mismardan asmaq qərarına gəlir.

Avtoidman tarixində ən uzun və uğurlu karyera məhz Andrettiyə məxsusdur. Mario ekiz qardaşı Aldo ilə böyük bir sürücülər nəslinin başlanğıcını qoyublar. Marionun oğlu Maykl 1993-cü ildə McLaren komandasında uğursuz mövsüm keçirsə də, hələ də Amerikada yarışır. 26 yaşlı nəvəsi Marko Formula1-ə düşə bilməsə də, Amerikada babasının uğurlarını təkrarlamaqdadır.

Mario isə avtoidmanla əlaqələrini kəsməyib – bu günə qədər Ostində keçirilən Amerika Qran Prisinin fəxri səfiridir və hər il podiumda qalibləri məhz əfsanəvi Mario mükafatlandırır…

Mario Andretti, US Grand Prix, 2012, podium
Mario Andretti, ABŞ Qran Prisi, 2012-ci il, podium

 

Tarix:

18.01.1940 – Pedro Rodriges dünyaya gəlib

21.02.1940 – Piter Qetin dünyaya gəlib

28.02.1940 – Mario Andretti dünyaya gəlib

13.04.1940 – Maks Mosli (FİA-nın keçmiş prezidenti) dünyaya gəlib

23.05.1940 – Jerar Larruss (Larrousse komandasıın qurucusu) dünyaya gəlib

 

Sürücülər:

40 Qran Pri – Emanuele Pirro və Şarl Pik

40 start – Kristian Fittipaldi və Daniil Kvyat

40 dubl (poul və qələbə) – Mixael Şumaxer

40 dövrə – Con Rizli Priçard (1954-cü il Böyük Britaniya Qran Prisində)

40 liderlik dövrəsi – Roman Qrojan

40 xal bir mövsümdə – Con Sertiz (1964), Jaki İks (1970) və Patrik Tambe (1983)

Komandalar:

40 start – Penske

40 birinci cərgədən start – Cooper

40 sürətli dövrə – Mercedes

40 startdan finişədək liderlik – McLaren

 

Motorlar:

40 Qran Pri – Gordini

40 start – Gordini

40 qələbə – Climax

40 podium – Alfa Romeo

 

Ölkələr:

40 ardıcıl podium – Almaniya

40 xal bir mövsümdə – Belçika (Jaki İks, 1970)

 

Traslar:

40 yarış – Nürburqrinq

 

Çempionatlar:

40 sürücü iştirak edib – 1981-ci, 1982-ci və 1990-cı illərdə

40 sürücü start alıb – 1965-ci və 1989-cu illərdə

40 xalla dünya çempionu – 1955-ci və 1957-ci illərdə Xuan Manuel Fanxio, 1964-cü ildə Con Sertiz

40 xalla Mühəndislər Kuboku – 1959-cu ildə Cooper-Climax və 1961-ci ildə Ferrari

 


Son Xəbərlər

İnformasiya

Bölüm Manşet
Mənbə
Baxış Sayı 886
Teqlər , , , , ,
Paylaş

logo