Aston Martin Formula1-ə marağını təsdiq edib

Biz artıq xəbər vermişdik ki, FİA və FOM yeni motor reqlamenti ilə bağlı təşkil etdiyi toplantıya çempionatda təmsil olunmayan motor istehsalçılarını da toplamışdı.

F-1.az xatırladır ki, iyulun əvvəlində baş tutmuş toplantıda Aston Martin rəhbərliyinin nümayəndələri də iştirak edərək, 2021-ci ildən qüvvəyə minəcək yeni motor reqlamenti ilə maraqlanmışdılar. Şirkətin icraçı direktoru Əndi Palmer 50 illik fasilədən sonra Formula1-ə qayıtmağı istisna etmir…

Əndi Palmer: “Biz Red Bull Technology və Ədrian Nyui ilə Valkyrie idman maşınının hazırlanmasında əməkdaşlıq edirik, ona görə də artıq Formula1 çevrəsindəyik. Gəlin özümüzə belə bir sual verək: xüsusi bir zavod komandası yaratmağın mənası varmı? Bizim əsas rəqibimiz Ferrari-dir, ona görə də belə bir addım daha məntiqli görünür. Amma bizim Ferrari kimi hər mövsüm yarım milyard avro vəsait xərcləməyə resursumuz yoxdur. Lakin, əgər biz motorun hazırlanmasına və münasib qiymətə başqa komandalara satılmasına vəsait tapsaq, onda bu imkanı nəzərdən keçirəcəyik.

İnkişaf düzgün istiqamətdə gedir. Hamı razıdır ki, Formula1-i daha baxımlı etmək üçün nə etmək lazımdır. Motorlar əvvəlki kimi daha gursəsli olmalıdırlar ki, azarkeşləri cəlb edə bilsinlər. Biz bugünkü güc qurğularının effektivliyini saxlamaqla, onların maya dəyərini aşağı salmalıyıq. Bu fikri hamı dəstəkləyir. Bunu necə etməliyik – indi müzakirə olunan sual budur. Amma tezliklə FİA və komandaların inkişaf yolunu konkret müəyyən etməyin vaxtı çatacaq.

Sentyabrda bizim daha dəqiq məlumatlarımız olacaq. Mən heç bir vaxt adi sponsorluğun tərəfdarı olmamışam və texniki əməkdaşlığı daha cəlbedici hesab edirəm. Hazırda bizim Valkyrie üzərində belə bir əməkdaşlığımız var. Lakin öz texnologiyalarımızı daha genişmiqyaslı bir layihədə istifadə edə bilsək, çox yaxşı olar…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*