Necə işləyir: Hibrid güc qurğusu

F-1.az saytı Britaniyanın F1 Racing dərgisinin səhifələrində Williams-ın texniki departamentinin rəhbəri Pət Simonds-un Formula1-də 2014-cü ildən istifadə olunan hibrid güc qurğuları barəsində danışdığı məqaləni sizə təqdim edir.

Pət Simonds: “2006-cı ildə qərara alındı ki, Formula1-də əylənmələrdə enerjini ehtiyatda saxlamağa və bundan sürətyığmalarda istifadəyə imkan verən sistem əlavə etməklə 2,4 litrlik V8 mühərriklərinin səmərəliyi artırılsın. Komandaların texnologiya seçimində azadlıqları vardı, amma hamı generator və elektrik mühərriyi variantına üstünlük verdi – sistem KERS adını almışdı və dövrənin keçilməsi müddətini təqribən 0.3 saniyə qədər yaxşılaşdırmağa imkan verirdi

KERS artıq yarışlarda istifadə olunurdu, FİA isə komandalarla birlikdə mühərriklərin növbəti nəslini müzakirə edirdi. Eyni zamanda turbin quraşdırılması və yanacaq məsrəfinin azaldılması ilə daxili yanma mühərriyinin həcmi kiçildilməklə daha güclü elektrik mühərrikindən istifadə olunması yolu seçildi. Elektrik mühərriyi müstəqil hissə olduğundan, yeni sistemi “Güc qurğusu” adlandırmaq qərara alındı – bu cür ad gücün yalnız daxili yanma mühərriyindən asılı olmadığını daha dəqiq əks etdirirdi.

Hibrid Formula1 güc qurğuları adi maşınlarda istifadə olunanlardan fərqlənirlər, amma hazırda çempionatda sürüş sınağından keçirilən texnologiyaları gələcəkdə biz yollarda görəcəyik. Adi avtomobillə Formula1 maşını arasındakı əsas fərq ondadır ki, Formula1 güc qurğusunda turbində istifadə olunan işlənmiş qazların istilik enerjisini toplayan əlavə MGU-H generatorundan istifadə edilir. Bu həllin ikiqat üstünlüyü var: “turbo-çala” effekti kənarlaşdırılır, işlənmiş qazlar isə istifadə oluna bilən elektrik enerjisini generasiya edir.

Hibrid güc qurğularına keçmə qərarı Formula1-in müasir dünyanın çağırışlarına cavab verməsi ilə bağlı idi. İri avtoistehsalçılar diqqəti yanacaq məsrəfinin və CO2 tullantılarının azaldılmasında cəmləşdiriblər. Yeni güc qurğuları mürəkkəb və bahalı alındı, amma cəmiyyətin sorğularını gözardı etmək də doğru olmazdı, yoxsa sponsorlar və tamaşaçılar üz çevirə bilərdilər ki, bu da Formula1 biznesinə mənfi təsir göstərərdi.

Güc qurğularının daha mürəkkəb konstruksiyası onların qiymətinə təsir göstərməyə bilməzdi. Mühərriklərin istehsalı bahalaşaraq 220 min funtdan təxminən 550 minə qədər artdı, digər tərəfdən, indi reqlament mövsüm ərzində iki dəfə az güc qurğusundan istifadəyə icazə verir.

Formula1 mühərriyi yarışın bütün uzunluğu boyu maksimal gücü ilə işləmir – yanacağa qənaət etmək, məsafəni keçmək üçün daha səmərəli üsul axtarmaq lazım gəlir. Biz əvvəlcədən müəyyənləşdiririk ki, yarışın hansı məqamlarında qənaət etməliyik, bu da bəzi yollarda çənə az yanacaq tökməyə imkan verir. Bundan başqa, mühəndislər güc qurğusunun ayrı-ayrı parametrlərinə diqqət yetirir, onun etibarlılığına nəzarət edir, pilota sazlanmaların dəyişdirilməsi üzrə tövsiyələr verirlər.

Yanacaqdan istifadə üzrə bir neçə məhdudlaşdırma var – məsrəf saatda 100 litrdən və yarışmanın bütün məsafəsinə 100 kq-dan çox olmamalıdır. Əgər ani məsrəf məhdudiyyətləri olmasaydı, mühərrik böyük güc verərdi, amma biz hər yarışmaya 100 kq limitinə uyğunlaşmazdıq. Yanacağa qənaət etməyin bir neçə üsulu var, ancaq onlardan hər biri dövrənin keçilməsi müddətinə təsir göstərir. Ən səmərəli üsul – döngədən əvvəl qısa müddətdə sürət pedalını buraxmaq, sonra isə artıq əylənməyə başlamaqdır.

Yeni güc qurğuları daha səssiz olub ki, bunun da öz izahı var. Əvvəlki V8 mühərriyi çox yüksək dövrlərdə işləyirdi ki, bu da yüksək səs yaradırdı. Yeni güc qurğuları təkcə kiçik dövrlərdə işləmir, həm də səkkiz əvəzinə altı silindrdən ibarətdirlər. Yeni nəsil mühərrikdə, həmçinin, işlənmiş qazlarla çalışan turbindən istifadə olunur, bu qazlar da indi atmosferə birbaşa çıxarılmır ki, bu da səs səviyyəsini aşağı salır.

Hibrid güc qurğuları keçmiş nəsil mühərriklərdən daha səmərəlidir. Onlar mühərriklərin 2013-cü ildəki gücünədək inkişaf edir, amma bu zaman yarışma məsafəsini keçmək üçün əvvəllər istifadə olunmuş yanacaq həcminin yalnız üçdə ikisini istehlak edirlər. Özü də nəzərə alın ki, pilotlar əvvəlkitək sürət pedalını döşəməyə qədər sıxırlar, bu isə yanacaq sərfiyyatı nöqteyi-nəzərindən ən səmərəli iş rejimi deyildir”.

Mənbə: Pat Symonds
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*