A.Prost Fransanın Azərbaycandakı səfirliyinin qonağı olub

Yarış həftəsonu ilə bağlı Bakıya çempionat iştirakçıları ilə yanaşı, bu idmanın tanınmış simaları da təşrif buyurub. Onların sırasında Alen Prostun adını xüsusilə qeyd etmək lazımdır.

F-1.az xəbər verir ki, Fransanın Azərbaycandakı səfirliyi əfsanəvi fransız sürücünü cümə günü axşam səfirliyə dəvət edib və onunla mediya nümayəndələrinin görüşü keçirilib. Görüşü Fransanın ölkəmizdəki səfiri Orelia Buşez açıb. Xanım səfir məşhur sürücünü qonaqlara təqdim edib, onun həyatı və karyerası barədə məlumat verib.

Daha sonra söz Prosta verilib. O, ilk dəfə gəldiyi Bakını və yarışın keçirildiyi Bakı Şəhər Halqasını bəyəndiyini bildirib. Daha sonra isə media nümayəndələri məşhur sürücüyə öz suallarını veriblər. Sualların əksəriyyəti Ayrton Senna və dördqat dünya çempionunun onunla rəqabəti barədə olub. Prost əzəli rəqibi barədə həmişə olduğu kimi, bu dəfə də hörmətlə danışıb.

Prosta hazırda çıxış edən gənc sürücülərdən kimləri bəyəndiyi soruşulub. O, Maks Ferstappenin adını xüsusi vurğulayıb. Bəyəndiyi digər gənc sürücünün Stoffel Vandorn olduğunu bildirib və təbii ki, monakolu sürücü Şarl Leklerin də adını çəkməyi unutmayıb. Hazırda yarışsa, çempionluq şanslarının nə qədər olduğu soruşulub. Prost bildirib ki, hazırda çempion ola bilməz. Çünki artıq yaşlanıb, karyerasını 38 yaşında başa vurmasından isə 23 ildən artıq vaxt keçir.

Biz bildirmişdik ki, Prost barədə film çəkiləcək. Filmin çəkilişlərinin nə yerdə olduğu, özünün filmə hansı töhfələri verdiyi soruşulub. Əfsanəvi sürücü bildirib ki, filmin çəkilişləri bir qədər gecikəcək. Bu da çəkilişlərdə köhnə yarış avtomobillərindən istifadə edilməsi ilə bağlıdır. Filmin təqdimatının gələn il olacağı gözlənilir.

Alen daha bir neçə suala da cavab verib. Yekunda isə tədbir iştirakçıları onunla xatirə şəkli çəkdirib və avtoqraf alıblar.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*