2017-ci il üçün pilot bazarında nələr baş verəcək?

Bir çox sürücünün müqaviləsi mövsümün sonunda bitir və buna görə də biz çox sayda yerdəyişmənin şahidi ola bilərik. F-1.az gələn mövsüm üçün mümkün transferlər barədə məlumat verir...

Niko Rosberq qalır, yoxsa gedir?

Rosberqin müqaviləsi mövsümün sonunda bitir. Alman sürücü Mercedes AMG-da qalmaq istədiyini bildirsə də, dəqiq bir söz deməkdən yayınır: “Özümü Mercedes-də çox yaxşı hiss edirəm. Amma gələcəkdə nələrin baş verəcəyini bilmirəm. Gözləyib görəcəyik”.

Mercedes AMG ilə yeni müqavilə üçün danışıqları Nikonun əvəzinə Gerhard Bergerin aparacağını bildirmişdik. Amma Rosberqin Ferrari-yə keçə biləcəyi danışılandan sonra gözlənildiyi kimi, Niki Lauda onun komandada qalmasını istədiklərini, məsələnin tez bir zamanda dəqiqləşməli olduğunu demişdi.

Əgər Niko komandadan ayrılarsa Manor-un sürücüsü Paskal Verlyayn onun yerini tutmağa ən real namizəddir. Lakin bir müddət əvvəl Toto Volff McLaren Honda ilə hələ 1 il də müqaviləsi olan Fernando Alonsonu tərifləmiş, onun da alternativlər arasında olduğundan bəhs etmişdi.

Rəykkönen karyerasının sonundadır?

Rəykkönen bu mövsümdə geridə qalan 6 yarışın 3-də podiuma yüksəlib. Amma finlandiyalının gələcəyi barədə şayiələr, fikirlər tükənmir. Sıralanma turlarındakı kiçik səhvləri və Monakoda yarışı tamamlaya bilməməsi yenə də bir çoxlarının onu kimin əvəz edəcəyindən danışmasına yol açıb. Niko Rosberq, Daniel Rikkardo, Valtteri Bottas və hətta son yarışdakı mükəmməl çıxışından sonra Serxio Peresin də adı Ferrari ilə yanaşı çəkilir. Təbii ki, Ferrari-yə yaxın olan Haas komandasının pilotu Roman Qrojanı da unutmaq olmaz.

Hazırda ən real görünən versiya Rəykkönünin podium finişlərini davam etdirərək müqaviləsinin daha 1 il uzadılmasına nail olmasıdır. Xüsusilə də komanda yoldaşı ilə münasibətlərinin çox yaxşı olması təcrübəli sürücü üçün müsbət haldır. Komandadan İtaliya Qran Prisinə qədər bu barədə hər-hansı bir açıqlamanın gələcəyi gözlənilmir.

Rikkardo Red Bull-dan gedəcək?

Komandanın rəhbəri Kristian Horner həm Daniel Rikkardonun, həm də Red Bull-a yenicə qoşulmuş Maks Ferstappenin müqaviləsinin uzunmüddətli olduğunu bildirir. Buna rəğmən Rikkardo son 2 yarışda baş verənlərdən sonra çox da xoşbəxt görünmür. Xüsusilə də Monakoda komandanın səhvinə görə qələbəni əldən verən avstraliyalının çıxışları onun Red Bull-dan getmək istədiyi barədə şayiələri artırıb.

Vacib məqam isə Red Bull-un yenidən yüksəlməkdə olmasıdır. Hazırda Rikkardonun uğur əldə etməsi üçün ən ideal yerin Red Bull oluğunu deyə bilərik.

Əgər o, Ferrari-yə meylini salarsa və Ferrari də onu transfer etməyi qarşısına məqsəd qoyarsa, biz çox maraqlı hadisələrin şahidi ola bilərik. Rikkardo gedərsə, onun yerini tutmaq yarışına Karlos Sayns pouldan başlayar. Təbii ki, Red Bull-dan yenidən Toro Rosso-ya göndərilmiş yeni komanda yoldaşı Daniil Kvyatı məğlub edərsə…

Batton bu il karyerasını bitirəcək?

Təcrübəli sürücü Monakoda gələcəyi barədə hələ heç bir şey düşünmədiyini demiş, Erik Bulye isə sürücüləri ilə danışıqlara hələ başlamadıqlarını bildirmişdi. Formula1-də 17 mövsüm keçirən və son illərdə demək olar ki, hər mövsüm idmandan gedə biləcəyini deyən, lakin yenə də karyerasını davam etdirən Battonun 7 illik McLaren macərası bitərsə, Stoffel Vandorn onu əvəzləməyə hazırdır. Belçikalı sürücü Alonsonu əvəz etdiyi Bəhreyn Qran Prisində komandaya mövsümdə ilk xalı qazandıraraq Formula1-də mübarizə aparmaq üçün hazır olduğunu sübut etmişdi.

Alonsonun daha 1 illik müqaviləsi var və çox güman ki, komandanın seçimi Batton və Vandorn arasında olacaq. Bundan əlavə, Ron Dennis keçən ay Fernandonun heç bir yerə getməyəcəyini bildirmişdi.

Massa Williams-da 4-cü mövsümünü keçirəcək?

Felipe Massa müqavilənin uzadılması barədə komandası ilə danışıqların başlandığına işarə etmişdi. Bu mövsüm 6 yarışın hamısında xal ala bilən yeganə sürücü olan Massanın komanda ilə yeni müqavilə bağlamasında hələ ki, heç bir problem görünmür. Onun artıq 35 yaşı var və Williams komandası geriləyərək ən pis halda hər yarışda xal qazanmaq imkanı verən bir maşına sahib olsa da, böyük ehtimalla komandada qalar. Həm də Bottas 2013-cü ildən komandadadır və daha böyük komandalara keçmək istəyir. Amma  finlandiyalının əlinə hələ ki, belə bir fürsət düşməyib.

Bəs digər sürücülər?

Yerdə qalan 6 komandada –  Renault, Sauber, Haas, Force İndia, Manor və Toro Rosso-da çıxış edən 12 sürücüdən yalnız Niko Hülkenberqin gələn il üçün komandası ilə müqaviləsi var. Mövsüm sona çatmamış bu sürücülərin trasnferləri ilə bağlı xəbərlərin çıxması ehtimalı yüksəkdir.

Təbii ki, biz gələn il peletonda tamamilə yeni simalar da görə bilərik…

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*