2016-cı ilin ən yaxşı 10 sürücüsü

Niko Rosberq arxada qoyduğumuz mövsümdə titulun sahibi oldu, lakin heç də hamı onun ilin ən yaxşısı olduğu ilə razılaşmır. Britaniyanın Autosport həftəliyinin Grand Prix şöbəsinin başçısı Mark Hyuz özünün ilk onluğunu açıqlayıb və onun reytinqi kifayət qədər maraqlı alınıb. F-1.az Hyuzun reytinqini təqdim edir.

10-cu yer: VALTTERİ BOTTAS

Reytinqdə onuncu yeri Bottasa və ya Peresə vermək barədə qərar qəbul etmək çətin oldu. Onların hər ikisinin güclü cəhətləri var. Lakin Peres daha sürətli maşında idi və komanda təkərlərlə işləməyin yolunu tapmışdı. Bottasda isə vəziyyət fəqrli idi. Williams üçün çətin keçən mövsümdə finlandiyalı heç də pis təsir bağışlamayıb və komanda yoldaşı Felipe Massanı açıq-aşkar məğlub edib. Ona görə də reytinqdə 10-cu yer məhz ona verilib. Nə vaxt ki, komanda şinlərdən yaxşı istifadə edib, Bottas da həmin yarışlarda özünü göstərib. Buna misal olaraq, onun podiuma yüksəldiyi Kanada Qran Prisini misal göstərmək olar.

9-cu yer: KARLOS SAYNS

Mövsümün ortalarından etibarən komandanın rəqiblərindən daha çox geri qalması Karlosun çıxışını da diqqətdən kənarda qoyub. Lakin nəzərə almaq lazımdır ki, ilk dörd yarışda komanda yoldaşı Maks Ferstappenə sıralanma turlarında məğlub olsa da, yarışlarda onunla başabaş mübarizə aparıb. Ferstappenin əvəzinə komandaya gələn Kvyat isə Saynsla demək olar ki, mübarizə apara bilməyib. Ferstappenin Red Bull-dakı fantastik çıxışını və Saynsın eyni komandada olarkən ondan geri qalmamasını nəzərə alsaq, etiraf etməliyik ki, ispan sürücü ilk onluğa daxil olmağa layiqdir.

 

8-ci yer: ROMAN QROJAN

Roman ən sürətli sürücülərdən biri olaraq qalır. Maşından razı qalmadıqda mühəndislərlə fikir mübadiləsi aparmaqda, onlara kömək etməkdə ən yaxşılardandır. Mövsümün bir çox yarışında əyləclərdəki problem Qrojana ən güclü cəhətlərindən birini göstərməyə – döngələrdən yüksək sürətlə keçməyə imkan verməyib. Lakin o, mövsümün əvvəllinə təsadüf edən və problemlərlə qarşılaşmadığı Avstraliya, Bəhreyn və Rusiya Qran Prilərində yaxşı təsir bağışlayıb və komandası üçün olduqca vacib olan xallar qazanıb.

 

7-ci yer: KİMİ RƏYKKÖNEN

Rəykkönenin dirçəlməsi Ferrari üçün mövsümün ikinci hissəsində müsbət hallardan biri olub. Onun işə yanaşması, bütün deyilənlərlə razılaşması və sakit təbiəti komanda rəhbərliyinin Fettellə müqayisədə daha çox xoşuna gəlib. Bundan əlavə, mövsümün gedişində Kiminin mühəndisləri dəyişdirilib və onun sazlanmalar və digər məsələlərlə bağlı fikirləri dinlənilib, həyata keçirilib. Komanda ilə müqaviləsini uzatmazdan əvvəl biz həmişəki Kimini görürdük: sakit, soyuqqanlı və dumanlı. O, dəfələrlə karyerasını bitirməyə hazırlaşdığını da bildirmişdi. Lakin hər şey dəyişdi və biz Kimini gələn mövsümdə də peletonda görəcəyik. Düzdür, Rəykkönen McLaren-də çıxış etdiyi illərdəki qədər güclü deyil, lakin hələ də çox şeyə qadirdir.

 

6-cı yer: MAKS FERSTAPPEN

Siz onu fenomenal sürücü adlandırsanız, yanılmazsınız. Aqressivliyi və ustalığı ilə diqqətləri özünə yönəltməyə məcbur edib. Ondakı inam və hər bir şeydə özünün haqlı olmasına əminlik bizə Senna və Şumaxeri xatırladır. Onun Macarıstan və Belçikada Kimiyə, Yaponiyada isə Həmiltona qarşı müdafiə olunarkən etdikləri “Ferstappen qaydaları” terminini meydana gətirib. Mövsümün son yarışlarında, xüsusilə də İnterlaqosdakı yağışlı yarışdakı çıxışından sonra adama elə gəlirdi ki, Maks mövsümün əvvəlindən Red Bull-da çıxış etsəydi, Rikkardonu üstələyərdi. O, Formula1-də cəmi iki mövsüm keçirib və yol verdiyi səhvlər təcrübəsizliyindən irəli gəlir.

5-ci yer: SEBASTYAN FETTEL

Deyəsən, Ferrari ilə münasibətlərində bal ayının başa çatması Sebastyana təsir edib. O böyük sürücüdür, lakin məyusluq və qəzəb onun yarışlarına təsir göstərir. Soçidə və Sepanqda ilk döngədə etdiklərində ümidsizlik yox idi?! Bir təsadüf də var: Sebastyanın nəticələri Ceyms Əllisonun komandanı tərk etməsindən sonra pisləşib. Fettel komandanı arxasınca aparmaq istəsə də, rəhbərlik tərəfindən ancaq tənələr eşidib. Skuderiyanın rəhbərliyi ilə münasibətləri heç də yaxşı görünməyən Fettel Sinqapurda əla yarışıb. Komandanın bəzi strateji qərarlar qəbul etdiyi Avstraliya və Kanada yarışlarında isə qələbə qazana bilərdi…

 

4-cü yer: NİKO ROSBERQ

Nikonun çıxışındakı bəzi nəzərəçarpan müsbət xüsusiyyətləri qeyd etmək olar: sıralanma turundakı sürəti və mühəndislərlə işləməyi. Lakin onun ən yaxşı cəhəti uğursuzluqların öhdəsindən məharətlə gəlməsidir. Geridə qoyduğumuz mövsümdə Nikoda özünəəminlik daha çox idi. Lakin o etiraf etmişdi ki, Lyuisi ancaq özünün bəzi üstün cəhətləri hesabına məğlub edə bilər. Barselona və Avstriyadakı yarışlar da göstərdi ki, Niko mövqeyini mübarizəsiz və asanlıqla vermək niyyətində deyil. Təbii ki, Niko komanda yoldaşı ilə müqayisədə, mövsümü demək olar ki, texniki problem yaşamadan başa vurub. Lakin alman sürücü titulu təkcə bunun hesabına yox, həm də inamlı çıxışı ilə əldə edib.

 

3-cü yer: FERNANDO ALONSO

Alonsonun hansı səviyyədə sürücü olduğunu izah etmək üçün bir misal göstərək: Spadakı yarışda ilk döngədə 10 yer qazandı və sonra özündən daha sürətli maşınlara sahib Massa və Peresi arxasında saxladı. Massa nə qədər çalışsa da, nə trasın yavaş hissələrində, nə də DRS zonalarında Fernandonu keçə bilmədi. Əvəzində isə, Peres Massaya çatdı. Force İndia sürücüsü onların hər ikisini keçdi, lakin Massa Fernandonu qabaqlaya bilmədi. Nəticədə Fernando finiş xəttini yeddinci keçdi. İnadı, ağlı, altıncı hissi və mürəkkəb vəziyyətlərdən çıxmaq qabiliyyəti Alonsonu xarakterizə edən amillərdir. Əgər nə vaxtsa yenidən rəqabətədavamlı maşının sükanı arxasında əyləşsə, bir titulla kifayətlənməyəcək.

 

2-ci yer: LYUİS HƏMİLTON

Ardıcıl üçüncü mövsüm idi ki, Həmiltonun titul uğrunda mübarizədə yeganə rəqibi komanda yoldaşı Rosberq idi. Lakin bu dəfə texniki problemlər ona mane oldu. Heç bir problemin yaşanmadığı yarışları nəzərə alsaq, beş yarışda Rosberqdən geri qalan Həmilton 10 yarışda onu qabaqlayıb. Bu üstünlük Həmiltonun inanılmaz sürəti ilə bağlıdır. Həmiltonun güclü olduğu həftsonlarında Rosberq ona, demək olar ki, müqavimət göstərə bilməyib. Buna Rosberqi təxminən yarım saniyə qabaqladığı Montsadakı və Sepanqdakı sıralanma turlarını göstərmək olar – komanda yoldaşları arasında bu qədər fərqin olması normal deyil.

 

1-ci yer: DANİEL RİKKARDO

Daniel qarşısına çıxan hər bir maneəni keçməyə davam edir. Hesabında dörd titulu olan və bütün komandanın ona işlədiyi komanda yoldaşını qabaqlamaq? Yerinə yetirildi! Hər yarışda qələbə qazanmaq üçün yarışır? Komandanı öz ətrafında qura bilir? Təkərlərlə yaxşı davrana bilir? Bütün bunların öhdəsindən gəlib. Bu mövsüm Daniel yeni nəslin ən istedadlı sürücüsü hesab olunan Ferstappenlə eyni komandada mübarizə aparmalı olub. Rikkardo bunun da öhdəsindən gəldi – Maksı həm sıralanma turlarında, həm də çempionatda qabaqlaya bilib. Daniel İspaniya və Monakoda qalib gələ bilərdi, lakin birində komandanın Ferstappeni qalib etmək üçün onu “qurban verməsi”, digərində isə pit-stopdakı ləngimə qələbə istəyini gözündə qoyub. Lakin avstraliyalı qələbə arzusuna Malayziyada çatıb. Düzdür, Həmiltonun motoru partlamasaydı, qələbəyə ümid etmək olmazdı. Lakin biz unutmamalıyıq ki, Lyuis Monakoda məhz Danielin pit-stopda ləngidilməsi hesabına qələbə qazanmışdı.

Maraqlıdır, Çin Qran Prisində təkəri deşilməsəydi, Daniel hansı nəticəni göstərərdi? Komanda yoldaşı Kvyatdan 20 saniyə geri qalan Rikkardo yarışın sonunda fərqi əhəmiyyətli dərəcədə azaltmışdı. O, Macarıstanda nəinki gözəl hücum edib, həm də məharətlə müdafiə olunub. Montsada isə bəlkə də mövsümün ən yaxşı ötməsini edərək Bottası geridə qoyub. Sinqapurda isə komandanın düzgün taktikasının da köməyi ilə Rosberqi keçərək qələbə qazanmağa çox yaxın idi. Daha bir maraqlı sual hamını düşündürür: Görəsən titul uğrunda mübarizə aparsa, biz necə bir Rikkardo izləyərik? 2017-ci ildə bu suala cavab almaq heç də pis olmazdı…

, , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*